Alı Mustafayev
Alı Mustafayev (14 aprel 1952, Qazaxbəyli, Qazax rayonu – 20 noyabr 1991, Dağlıq Qarabağ) — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
== Həyatı ==
=== Erkən illəri ===
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971–1976-cı illərdə Bakı elektrik maşınqayırma zavodunda tornaçı işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
=== Jurnalist fəaliyyəti ===
O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.